povestdən bir parça
Artıq zəhmətinin bəhrəsi görünməyə başlamışdı. Əvvəlcədən müəyyənləşdirilmiş quruluşda, nümunə üçün yazılmış bəzi əlyazmalarda və dizaynda olan çatışmazlıqlara baxmayaraq, novella yavaş-yavaş yazılırdı. Ancaq Alvaro istəyirdi ki, gördüyü iş əsərin vacib bildiyi ümumi qurluşuna, oradakı personajlara və hadisələrə təsir etməsin. Özü də real modellərin olması, bir tərəfdən onun işini asanlaşdırıb və təxəyyülünün yeni impuls götürməsini təmin edirdisə də, digər tərəfdən hekayənin inkişaf xəttini mütləq dəyişdirə bilərdi. Buna baxmayaraq inanırdı ki, bu metod, müəllifin hər hansı bir müdaxiləsi olmadan gördüyü işi əsər səviyyəsinə qaldıra bilər, elə Alvaronun istədiyi də bu idi. Bir tərəfdən uydurulmuş səhnələrin yaradılmasına imkan verən təsvirə meyillik təhrifə meyillilik deməkdirsə, o zaman belə hesab edirdi ki, hisslərin estetik zövqə can atması kobud bir səhvdir. Əsl təsvir təqlid olunmayan təsvirdir. Digər tərəfdən, hadisələri eyni tonda, ahəngdə nağıl etmək gərək idi. Sanki hadisələri danışan şəxs söylədiklərinin hamısını başa düşmür, sonradan nə baş verəcəyini bilmir. Alvaro bu prinsipləri əsas tutur, əsərin strukturunu müəyyən etdiyindən sevinirdi.
Vanna otağında dayanıb qonşudan gələn səslərə qulaq asmağın effektliyini də sınadı. Çox zaman qonşuların söhbətləri bir-birinə qarışsa da işıqlı həyətə açılan kiçik nəfəslikdən gələn bu səslər çox aydın idi. Və Kasareslər ailəsindəki söhbətləri ayırmaq Alvaro üçün çox asan olurdu. Tək ona görə yox ki, səhərlər digər mənzillərdə səs kəsilirdi və yalnız qab-qacaq səsi eşidilirdi, həm də ona görə ki, – Alvaro bunu sonradan aşkar etmişdi, – Kasaresgilin pəncərəsi onun pəncərəsinin düz yanında idi. Buna görə də, oradan gələn səslər çox aydın eşidilirdi.
Alvaro unitasda oturaraq səslərə qulaq asırdı. Onları aydın eşitmək üçün az qala nəfəsini içinə çəkib saxlayırdı. Mənzillərdən gələn səs-küyün içində Kasareslərin səhərlər yuxudan necə qalxdıqlarını, bir azdan uşaqları oyadıb, yuyunmağa göndərdiklərini, güzgünün qarşısında dayanaraq özlərini qaydaya saldıqlarını, sonra səhər yeməyini hazırlayıb onu necə iştahla yediklərini (ardıcıl icra olunan bu hərəkətləri o həm də intuisiya ilə hiss edirdi) eşidirdi. Sonradan ata uşaqları kollecə ötürüb, tez də evə qayıdırdı. O zaman ər-arvad evi birgə yığışdırır, təmizləyir, arabir zarafatlaşırdılar, bazara da bir yerdə gedir, xörəyi də köməkli hazırlayırdılar. Gecənin sakitliyində qadının ləzzətlə güldüyünü eşidirdi. Yarıqaranlıq otaqdan eşidilən ehtiraslı pıçıltılar, həyəcanlı nəfəsalmalar, şəhvətin odlu, sürəkli səsləri altında çarpayının ara verməyən cırıltısı və qəfil səssizlik…
"Təhrik" povestini KOBO saytından əldə edə bilərsiz.
